Yazıçı-psixoloq: “Psixoloji mövzuda yazdığım romanları dünya səviyyəli hesab edirəm”
Modern.az saytının növbəti müsahibi yazıçı-psixoloq Rövşən Abdullaoğludur. Onunla söhbəti təqdim edirik.
– Əsərlərinizdə yerli qəhrəmanlar yoxdur, hamısı əcnəbilərdir. Hansı psixoloji səbəb sizi vadar edir ki, əsərlərinizin qəhrəmanları Əli, Vəli, Yusif olmur?
– İlk olaraq kitabları qələmə alanda yanaşmam o olur ki, hansısa bir ölkədən söz açmalıyıq. Bir dəfə Amerikadan yazırıq, bir dəfə Avropa ölkəsinə gedib çıxırıq. Adətən maraqlandığım hansısa bir süjeti seçirəm. Bu süjetlə paralel olaraq hansı mesajları çatdırmaq istədiyimi düşünürəm. Hər əsər əsnasında bu mesajları qeyd edirəm. Üçüncü mərhələdə baxıram ki, bunlara hansı personajlar və ölkələr uyğun gəlir. İrlandiya ilə əlaqəli bir əsərim var – “Abaddon”. Bu kitabı yazarkən gördüm ki, verdiyim mesajlar daha çox İrlandiyaya uyğun gəlir. Bilirsiniz ki, bu əsərdə mistik məqamlar çoxdur. Mifoloji varlıqlardan da söz açılır. İrlandiyanın məkanları, oradakı tarixi məkanlar buna daha uyğun gəlirdi.
Azərbaycanla əlaqəli hansısa məqamlar mütənasiblik təşkil etsəydi, həmin əsərdəki hadisələr də ölkəmizdə cərəyan edərdi.
Mən əsərlərimi beynəlxalq arenalarda görmək istəyirəm. “Sırf ölkəmizdə çap olunsun, ancaq bizim oxucular oxusun” deyə bir düşüncəm yoxdur. Beynəlxalq səviyyəyə çıxmaq üçün isə müxtəlif mövzulara, müxtəlif ölkələrə, müxtəlif mentalitet və cəmiyyətlərə xitab etməlisən. Mən əsər yazarkən mütləq bunları nəzərə alıram.
Psixoloji faktorlara gəlincə, onu deyə bilərəm ki, bizim cəmiyyətə aid olan mövzular artıq onlar üçün adiləşib və bir növ maraq doğurmur. Vəli, Yusif, öz məkanımızla bağlı məlumatlar versəm belə, insanların düşüncəsində bu, şablon kimi görünəcək.
Süjet xətti, ölkə, məkan rəngarəng olanda isə oxucuya daha gözəl təsir edir. Oxucu haradasa axtardığı psixoloji məqamları orada tuta bilir. Məkan, zaman, personajların rəngarəngliyi fonunda oxucu oxuduqlarını daha rahat həzm edir. Eyni zamanda oxucu psixoloji baryerlə qarşılaşmır. Bütün bunlar hamısı əsasdır ki, biz müxtəlif mövzuları işləyək.
Ancaq bu o demək deyil ki, öz ölkəmizlə, tariximizlə, mədəniyyətimizlə bağlı mövzular olmayacaq. Mən gələcəkdə ölkəmizin tarixi ilə bağlı əsərlər yazmağı düşünürəm. Orada sırf bizim məkanlar, bizim tarix, bizim personajlar olacaq.
Qarabağla bağlı bir əsər yazmağı planlaşdırıram, hazırda üzərində işləyirəm.
– Yaratdığınız obrazlarda sizin düşüncələrinizi də oxumaq olur. Sanki düşüncələrinizi obrazlara köçürmüsünüz. Niyə “Bu şəhərdə kimsə yoxdur”un, “Relslər üzərinə uzanmış adam”ın qəhrəmanlarının düşüncəsi sizin düşüncələrinizlə təzad təşkil etmir? Elə qəhrəman yarada bilməzmisiniz ki, sizin düşüncənizə əks mövqedə dursun?
– Cəmiyyəti, insanları hansısa bir qəlibdə görmək istəyirəm. Bu qəlib mənim üçün prioritet olduğuna görə, düşüncələrim, yanaşmalarım yaratdığım personajlarda əks olunur.
Yaxşı, mən indi elə bir əsər yaradım ki, inandığım, düşündüyüm, düz bildiyimin əksi olsun və dünyagörüşümün əksini təbliğ edim?! Əslində mənim əsərlərimdə siz nəzərdə tutduğunuz əks personajlar var. Məsələn, “Abaddon”da Şon Onil personajı var. Bu adam inanclı deyil, dinləri qəbul etmir, onları sosial, tarixi faktor kimi bilir. Biz belə bir personaj da yaratmışıq. Şon Onilin simasında hər bir şeyə tolerant və normal yanaşan şəxsi yaratmaq istəmişəm. Bu da mənim görmək istədiyim bir cəmiyyətdir.
İndi mən belə bir şey yaradım ki, görmək istədiyimin əksi olsun?! Məsələn, əxlaqi normalara, vətənə nifrətlə böyüdülmüş bir personajı təbliğ etməliyəm?! Təbii ki, belə bir obrazı yarada bilmərəm.
Elə bir yazıçı yoxdur ki, düz bildiyinin əksini təbliğ etsin. Bu, mümkün deyil. Hər bir yazıçı insanları, cəmiyyəti necə görmək istəyirsə, onu əsərlərinə köçürür. Təbii ki, kənara çıxmalar da olur. Amma bu kənara çıxmalar 180 dərəcə əks qütbdə qərar tutmur.
– Kitab yazmaqla bərabər, həm də idman edirsiniz. Azərbaycanda isə belə təəssürat var ki, yazıçı içki qəbul etməlidir, nəşələnməlidir ki, ona ilham gəlsin. Hər halda bu düşüncənin bir psixoloji səbəbi var. Bu cür düşüncələrə qida verən nədir? Bir də niyə günü içki məclislərində keçən, hər gün sərxoş olan bir şair ya da yazıçı düşünür ki, cəmiyyət guya onun yazdıqlarını başa düşmür?
– Siz dediyiniz formada yazıb-yaradanlar olub. Ancaq həyatlarına baxdıqda görürük ki, onların hamısı uğursuz insanlardır. Nakam sevgi yaşayıb, intihar həddinə çatıb, şəraba qurşanıb və şeir, əsər yazmağa başlayıb. Nakam sevgi, yaralanmış qəlb bu şairlərin eneri mənbəyi, ilham pərisi olub. Dərdindən, nakam sevgisindən, uğursuz həyatından yazanların məhsulu uğurlu cəmiyyət, xoşbəxt insan yetişdirmək gücünə malik deyil. O cür insanların yazmağı qrofamanlıqdır. Yazırlar ki, sadəcə ürəklərini boşaltsınlar. Böhran baş verir və istəyir ki, bütüm cəmiyyət dərdini duysun.
Müasir cəmiyyət isə fərdi inkişafın üzərində qurulub. Gələcək, fərdi inkişaf, psixologiya, texnologiya əsridir. Belə sistemdə siz dediyiniz kimi düşünən, yazan yazıçı və şairlərə yer yoxdur. Siz mənə hansısa dahi alim göstərə bilərsiniz ki, o, alkaşların içərisindən çıxsın?! Məşhur idmançı, həyatda uğur qazanmış siyasi xadim, inqilabçı, tarixçi, islahatçı alkaşların, bu cür bivec həyatı yaşamış insanların içərisindən çıxmayıb.
Bivec, tüfeyli həyat yaşayanların içərisindən ya yazıçılar ya da şairlər çıxır. Bu, insanları düşündürmür ki, nəyə görə, belə insanların arasından nəzəri fizikanın əsasını qoyanlar çıxmır? Nəyə görə alkaş beyindən ixtira çıxmır? Nyutonun başına alma düşəndə o sərxoş deyildi ki!
Ancaq elə insanlardan qəmli notlar ərsəyə gəlir. Deməli, elm, texnika, fərdi inkişaf heç zaman o bataqlıqdan və çirkabdan qaynaqlana bilməz.
Bir çox yazıçı və şair idmana meyl etmir. Çünki idman iradə, dözüm istəyir. Ən rahat iş nədir? İnsan dəmlənsin, keflənsin, uğursuzluğuna görə hamını qınasın, cəmiyyəti lənətləsin. Problemin kökü odur ki, onların ayıq başı olmayıb ki, bir düşünsünlər.
Mən 7 yaşımdan məşq edirəm, güləş, sambo və sairləri ilə məşğul olmuşam. Bunlar fərdi inkişafda mühümdür. İdmançı insan iradəli, sağlam, yaxşı ailə başçısı olur. Cəmiyyətə də fayda verir. Dünyada da bu cürdür.
Psixologiyada motivasiya tipləri deyilən bir anlayış var. Maraqlıdır ki, bu tiplər arasında dırnaqarası yaradıcı insan tipləri də var. Belələri elə qrup insanlardır ki, onları özlərindən başqa heç kəsin başa düşmədiyini düşünürlər. “Bizlər çox intellektual və səviyyəli şəxslərik. Səviyyəmiz yuxarı olduğu üçün adi, avam camaat bizə uyğun deyil” deyə düşünürlər. Onlar öz hallarını adi insana izah etməyə cəhd belə göstərmirlər. Ona görə ki, insanlara yuxarıdan aşağı baxırlar.
Onlara xas xüsusiyyətlər: xüsusi geyim tərzi, xüsusi yaşayış tərzi, xüsusi hal. Məsələn, sərxoş halda, saçı dağınıq, geyimi qəribə formada. Ya da hansısa zirzəmi formasında olan kafelər, barlar, yarıqaranlıq məkanlarda siqaret tüstüsündə söhbətlər etmək. Onlar elə yerlərdə oturarlar və eyforiyaya qapılarlar. Elə bilərlər ki, düşünən beyindirlər, seçilmişlərdir. Onlar cəmiyyətə üsyan edirlər, hamını qınayırlar.
– Bu hal daha çox Azərbaycanda mövcuddur?
– Belə şeylər tarixdə həmişə olub və hər yerdə var. Azərbaycandakı bəzi yazıçı və şairlər Avropada açılmış bu süfrənin qırıntılarını yeyənlərdir. Müasir Avropa artıq anlayıb ki, belə insanlara yer yoxdur. Onların yazıçıları, şairləri artıq bu məsələni çoxdan bağlayıblar. Müasir dövrdə əsərləri bestseller olan yazıçılar tam aristokrat və sivil bir həyat keçirirlər. İntellektual səviyyələri yüksək, fərdi inkişafa, təhsilə önəm verən şəxslərdir.
– Kapitalizm dövrüdür, hazırda ən aktual məsələ insanın ideyasını pula çevirməkdir. Siz də ideyanızı pula çevirə bilirsiniz, kitablarınız kifayət qədər satılır. Amma bununla belə, bəzi ədəbi cameələr deyirlər ki, Rövşən Abdullaoğlunun yazdıqları ədəbiyyat deyil. Bu, paxıllıqdırmı, ya sizi tanımırlar, yoxsa həqiqətən də güclü yazmırsınız?
– İlk sual bu olmalıdır: Ədəbiyyat nədir? Əvvəlcə bu anlayışları izah etmək lazımdır.
Əgər təxəyyülü nəzərdə tuturlarsa, əsərlərimizdə təxəyyül məhsulu var. “Abaddon” romanından danışaq. Orada baş verən hadisələr təxəyyül məhsuludur. Düzdür, həyatda qarşılaşdığımız hadisələrin təxəyyüldə müxtəlif hallarla əlaqələndirilib köçürülməsi halları var. Bunu da hamı edir. Deməli, bizim əsərlərdə təxəyyül mövzusu mövcuddur. Demək təxəyyüldürsə, məni buna görə ittiham edə bilməzlər.
Bütün bədii və qeyri-bədii kitablar hamısı ədəbiyyatın içərisinə daxildir. Standart termin olaraq düşünəndə ədəbiyyat deyərkən bədii əsər düşünülür.
Mənim əsərlərimdə süjet xətti, personajlar, onlar üzərində hansısa mövzuların tətbiqi var. Əgər ədəbiyyat deyərkən fəlsəfəni nəzərdə tuturlarsa, bu da var./
Oxucularımız bizə yazır ki, sizin əsərləriniz doludur, ona görə də heç bir cümləni buraxmırıq.
– Yazıçının yazdıqlarından oxucular həm informativ bilgilər əldə etməlidir, həm də təxəyyül hiss olunmalıdır. Hadisələri, statistikanı təxəyyül süzgəcindən keçirib obrazlara köçürmək o qədər də asan məsələ deyil. Bu mənada sizi anladım. Qarşı tərəf deyir ki, onların yazdığı kitab az satılır, Rövşən Abdullaoğlunun əsərləri isə çox, bu isə reklamla bağlıdır. Bayaq sualımı bu mövzuya gətirmək istəyirdim.
– Universitet tələbələri, müəllimlər mənim əsərlərimi alırlar, oxuyurlar. Universitetlərdə apardığımız təlimlər də bunun təsdiqidir ki, oxucularımız müəllimlər və tələbələrdir. Əksər insanlar bu kitabları oxumurlar və başlayırlar ittihamlar yağdırmağa. Mən bu cür insanlarla qarşılaşıram. Bir fikir iddia edir. Mən deyirəm ki, hansı əsərimi oxumusan? Məlum olur ki, heç birini. Sadəcə kimdənsə nəsə eşidib.
Belə halda mümkündür ki, paxıllıq var. Onların cameəsindən olmamağım da onları narahat edə bilər. İnsan biri ilə ünsiyyətdə olanda və həmin adam öz cameəsindən olanda ona daha mülayim yanaşır. Ancaq kənardan gələn və öz çevrələrindən olmayan adamları ədəbiyyata gəlmə kimi düşünürlər.
Onlar düşünür ki, uğurlular öz çevrələrindən çıxmalıdır. Kimsə kənardan gəlib uğur qazanırsa, başqalarının edə bilmədiyini bacarırsa, təbii ki, bu, qıcıq yaradır. Başqa sahənin adamı olsaydım, həmin o yazıçılar mənə daha tolerant yanaşacaqdılar.
Bunlar dünənə kimi oxucu azlığından şikayətlənirdilər. Əsərlərinin satılmamasının kökünü bizim cəmiyyətdə oxumağa marağın olmaması ilə əlaqələndirirdilər. Bildirirdilər ki, cəmiyyət guya onları anlamır, guya cəmiyyət ancaq bayağı şeylərə maraq göstərir.
İndi isə bir adam gəlir, elmi, fəlsəfi, ontoloji, psixoloji mövzulara toxunan ciddi əsərlər ortaya qoyur. Biz fəlsəfədən də, fərdi inkişafdan da yazırıq, psixoloji romanlar da. Bu, o adamların illərlə səsləndirdiyi fikirlərin əksini sübut edən faktdır.
Bununla da onların dedikləri, yanaşmaları, “strategiyaları” puç oldu. Çünki belə bir məsələ ortaya çıxdı ki, geniş oxucu kütləsi var.
Burada mümkündür ki, başqa yazıçı öz cılızlığını hiss etsin, uğursuz olduğunu anlasın. Bu, insana əzab verən psixoloji bir haldır. Bundan da bir çıxış yolu vacibdir. Başlayırlar ki, cəmiyyət geridə qalıb, kitab alan yoxdur. Deyirlər ki, hansı əsərlər ki çox alınır, o, qeyri-ciddi ədəbiyyatdır və səviyyəsizdir.
– Arqumentlərdən biri budur ki, Rövşən Abdullaoğlu əsərlərini sosial şəbəkədə pullu reklama qoyur deyə, çox satılır.
– Reklam nədir? Reklam biznesdə istifadə olunan bir anlayışdır, məhsulun insanlara təqdim olunmasıdır. Yaradıcı insanlar da daxil olmaqla, hamı reklamla məşğul olur. Məsələn, bir şair şeir yazır, kütlə qarşısına çıxıb deyir ki, həmin şeiri oxumaq istəyir. Və ya kimsə sosial şəbəkədə şeirini paylaşır. Altında da yazır ki, çox oxucunun xəbərdar olması üçün şeir paylaşılsın. Deyir ki, əgər bəyənirsinizsə, rəy yazın.
Bunu öz əməyinə dəyər verən insanların hamısı edir. Dəyər vermiriksə, əsərləri anbara yığırıq. Bəzi yazıçılar olub ki, əsərlərini anbara yığıb, çapına icazə verməyiblər.
Əsərinə dəyər verən, faydalı bilən bir insan onu reklam edər. Amma bizdə reklam mənfi yüklü söz kimi səslənir. Halbuki, reklam təqdimatdır.
Bizim isə ən güclü təqdimatımız oxucunun bəyənməsidir. Bəzi filmlərin ilk həftədə reytinqi çox yuxarı qalxır. Sonradan isə kəskin düşür. Əgər bir həftədə reytinq kəskin qalxıb və kəskin düşdüsə, bu, onu göstərir ki, reklamın gücünə auditoriya yığılandan sonra tamaşaçılar onu bəyənmədi. Kütlə bu zaman anti-reklamla məşğul olmağa başladı. Ondan sonra isə film ikinci həftə izlənilmir və kinoteatrlardan çıxarılır. Bu tip əsərlər də var. Demək ki, tamaşaçı, oxucu rəyi önəmlidir.
Gəlin başqa bir misal verim. Kimsə əsərini müxtəlif vasitələrlə reklam edirsə, ondan sonra satış və oxu sayı get-gedə artırsa, demək ki, əsərin özündə böyük bir güc var. Bu o deməkdir ki, həmin əsər kənar, süni vasitələrlə şişirdilmiş bir məsələ deyil.
Mənim əsərlərimi ilk oxuyan oxucular daimi oxucuya çevrilir. Başlayırlar bütün kitablarımı silsilə şəkildə alıb oxusunlar. Bu onu göstərir ki, oxucu kitabdan məmnun qalıb. Əgər bir əsər zəifdirsə, yazıçı nə etsə də, onu sata bilməyəcək. İndiki gəncliyi boş, mənasız şeylərlə aldatmaq olmaz. Özü də yerli məhsulla. Bizim oxucu, cəmiyyət yerli məhsula bədbin yanaşır. Yerli oxucularımız yazıçıya maksimum bir dəfə şans verir. O da kitabın ilk 2-3 səhifəsindən. Oxucu ilk 2 səhifəni bəyəndisə, ardı gələcək. Bəyənmədisə, əsəri kənara qoyacaq və bir daha ona qayıtmayacaq. Mənfi, psixoloji köklənmənin içərisində bir əsər ortaya çıxırsa və baryerləri dağıdıb müəyyən səviyyədə oxucu sevgisi qazanırsa, deməli, o əsər yaxşıdır.
O qədər oxucu məktubları alırıq ki. Biri yazmışdı ki, aparıb mənim əsərimi atasına göstərib, atası oxuyub. Sonra atası inanmayıb ki, bunu Rövşən Abdullaoğlu adlı bir yerli yazıçı qələmə alıb. Mən istəyirəm ki, cəmiyyətdə özünə inamı qaytarmaq mesajını öz üzərimə götürüm. Ondan sonra yazıçıyam, psixoloqam.
– Dünya səviyyəsinə çıxmaq istəyirsiniz. Daha çox hansı əsərinizi dünya səviyyəli hesab edirsiniz?
– Elə əsərlərim var ki, dünya səviyyəsində oxunmaz. Deyək ki, hansısa islam ölkəsində oxunmaz.
Elə əsərlərim də var ki, irfani, dini mövzudadır, o da dünya səviyyəsinə çıxmaz. Amma bu o demək deyil ki, həmin əsərlər zəifdir.
Psixoloji mövzuda yazdığım romanları dünya səviyyəli hesab edirəm. “Abaddon” düşünürəm ki, müasir dünya cəmiyyəti üçün daha maraqlıdır. “Bu şəhərdə kimsə yoxdur”da iki cəmiyyətin müqayisəsi, bir müsəlman mühacirinin həyata baxışı, onun fəlsəfəsi, Livanda baş verən vətəndaş müharibəsinin neqativ nəticələri var, bu, maraqlı ola bilər.
Siz dediyiniz məsələdə irrasional məqamlar da olur. Məsələn, uğurlu bildiyin bir əsəri çıxarırsan, amma ictimai və satış nöqteyi-nəzərindən uğurlu olmur.
– Səhv etmirəmsə, “Relslər üzərinə uzanmış adam” romanınızda qız-oğlan dostluğunun mümkünsüz olmasına işarə etmisiniz. Ümumiyyətlə, qız-oğlan dostluğu nədir və niyə mənfi assosiasiya doğurur?
– Mən orada mövzunu açıq qoymuşam. Əsərdə qız-oğlan dostluğu mövzusu təbii axarı ilə o söhbətə gəlib çıxır. Biri bosniyalı müsəlmandır, digəri isə xristian, serb xanımdır. Bu ikisi arasında sevgi yaranırsa, sevginin ilk mərhələlərində bu sual ortaya çıxır ki, qız-oğlan dostluğu mümkündürmü?! Müsəlman oğlan təbii ki, öz prizmasından baxır. Xanım isə öz fikirlərini deyir. Bu, o demək deyil ki, mən bütün fikirlərimi obrazların dilinə köçürmüşəm. Hərə öz fikrini deyəndən sonra mövzu açıq qalır.
Sizin suala gəlincə, deyim ki, dostluq sevginin bir formasıdır. Yəni sevginin, hisslərin, psixoloji-mənəvi əlaqələrin bir təzahürüdür. Bu əlaqə, psixoloji bağlılıq olmasa, dostluq yaranmır. Bu psixoloji bağlılıqda düşüncələrin eyni olması, eyni hədəf, müştərək fəaliyyət səbəb olur ki, onlar arasında rabitə yaransın.
Bu rabitə eyni cins arasında bir cür olur, əks cinslər arasında başqa cür. Oğlanlar arasında olan rabitə əks cinslər arasında eyni formada formalaşa bilməz. Bunu psixologiya deyir. Bir insanın qarşısında xanım oturursa, əks cinsin daxilində fərqli hisslər formalaşacaq. Mən bunun mənfi və ya müsbət olduğundan danışmıram.
Qızla oğlan arasında təbii ki, rabitə yarana bilər. Bəs niyə sonradan hər iki tərəf əziyyət çəkir? Çünki hisslər bəzən öz həddindən çıxır və düzgün olmayan tərəfə cərəyan edir. Təbii ki, hissləri nəzarətdə saxlamaq da mümkündür.
Qurani-Kərimdə bir ayə var. Mömin kişilərlə mömin qadınların bir-birinin üzərində vilayət haqqı olmasından bəhs edir. Yəni, baxmayaraq ki, əks cinslərdir, amma onlar arasında mənəvi rabitənin mövcudluğunun mümkünlüyündən söz açılır. Demək ki, bu rabitənin olması, psixoloji, dini, sosioloji tərəfdən mümkündür.
– Depressiya halları çoxalır. İnformativ bilgilər də insanda depressiya yaradır. Depressiyadan çıxmağın ən effektiv üsullarından biri də iradəli olmaqdır. Əslində nəzəri olaraq bunu, hamı bilir. Amma praktiki tətbiqində bir uyğunsuzluq yaranır. Bəs depressiyadan necə çıxmaq olar?
– Cəmiyyətdə belə düşüncə var ki, guya əvvəllər depressiya olmayıb. Elə zənn edirlər ki, depressiya müasir dövrün gətirdiyi pozuntudur. Amma biz antik dövrdən bu yana yazılmış əsərlərə baxsaq, görərik ki, orada da depressiyalardan söz açılır. Hətta Hippokratın özü melanxoliya halından danışırdı.
Müasir dövrdə mümkündür ki, qlobal depressiya halının artdığı müşahidə edilsin. Əslində depressiya ətrafda baş verən hadisələrə insanların reaksiyasıdır. Kimsə həyatının çətinliyindən, işinin alınmamasından depressiyya düşür. Bütün neqativ hallar bizim psixoloji zirehimizi yavaş-yavaş zədələməyə başlayır. Bir müddətdən sonra bizim zireh artıq dağılır və tab gətirə bilmirik, nəticədə psixoloji pozuntu yaranır.
Depressiyaya düşən insan pessimist olur, heç nəyə sevinmir, xoşhal olmur, özünü səadətli hiss etmir. Özünü mənasız bilir, heç nədən məmnun qalmır. Əli heç bir işə yatmır. Bu hal müəyyən müddətdən sonra daha da şiddətlənir və insanın həyatını iflic vəziyyətinə gətirib çıxarır.
İlk olaraq bu sualı verək? Necə olsa, depressiyaya düşmərik? Biz ətrafdan gələn neqativ hallara psixoloji köklənməmizi dəyişməliyik. Gəlin misalla izah edək. Bir hadisə baş verir və həmin hadisənin 5 şahidi var. O hadisə 5 nəfərdə fərqli-fərqli izlər qoyur. Deməli, məsələ hadisənin özündə yox, fərdlərin yanaşmasındadır. Depressiyanın yaranmasında hadisə yox, yanaşma rol oynayır. Kimsə deyir ki, həyatı məşəqqətli olduğuna görə, depressiyaya düşüb. Əslində isə elə deyil. Baxırıq ki, ondan 5 qat artığı digərlərinin həyatında baş verib, amma həmin adamlar depressiyaya düşməyib.
– Amma belə halda “o vecsiz adamdır” ifadəsini işlədirlər.
– Deməli, hadisələr hamının həyatında baş verir. Camaat arasında belə fikir gəzir ki, pulu çox olan, məşhur olan, ictimai statusu çox olan, həyatı şən keçən biri depressiyaya düşməz.
Robin Uilyams məşhur aktyor idi. Bu adam intihar edib. 1 dəfə “Oskar” da alıb. Bundan başqa, digər mükafatları da olub. Bu adamın milyonları var idi. Özü də komik aktyor idi. Dünyaca məşhur idi. Kütlə məntiqi ilə yanaşsaq, Robin Uilyamsın depressiyaya düşməməsi üçün hər şeyi var idi. Amma ömrünün sonlarından depressiyadan əziyyət çəkir və özünü asaraq intihar edir.
Bu o deməkdir ki, məşhurluq, pul, şan-şöhrət, şənlik depressiyaya kömək etmir. Mən Afrika səfərinə çıxmışdım. Orada elə insanlar gördüm ki, ancaq adamın üzünə gülürdülər. Elə bir kəndə getdim ki, oranın sakinləri səfalət içərisində yaşayırdılar. Amma uşaqlar qabağımıza qaçanda hamısı gülürdü. Ayaqyalın, evlərində heç bir avadanlıq yox, bir paltarı illərlə geyinirlər, 6 ayda bir dəfə çimirlər. Bununla belə hamısının üzü gülür. Nə nəşəlidirlər, nə içkili, nə də dünya onları tanıyır, lakin gülürlər. Orada intihar halı da yoxdur. Eşitmədim ki, kimsə orada intihar etsin.
Robin Uilyams isə ömrünün elə bir çağında, bütün çətinliklərdən çıxdığı bir zamanda intihar edir.
Biz düyün nöqtəsini tapmalıyıq. Onu tapsaq, problemlər çözülər. Afrikadakı insanları boş buraxıblar. Onlar daha çox təbiət güclərinə inanırlar. Enerjilərini təbiətdən alırlar. Onlar bizə gülməli gələn sözlərlə həyatlarını nəşəli edirlər. Heç nələri yoxdu, amma sanki dünyanın ən xoşbəxti bunlardır.
Yanaşma vacibdir. Həyata pozitiv baxmaq lazımdır, problemlər keçicidir. Hadisələrə təbii bir hal kimi baxmaq gərəkdir.
– Rövşən müəllim, insanlar psixoloqdan daha çox bir falçıya, cadugərə inanır. Bu nə ilə əlaqəlidir?
– Bizlər istəyirik ki, həyatımızı nəzarətdə saxlayaq. Bu, bizim içimizdə şiddətli bir istəkdir. Nəzarətdən çıxanda isə depressiyaya düşürük, gərginləşirik. Ən çox nəzarətə gəlməyən şey isə bizim gələcək taleyimizdir. Gələcəyin müəmması insanı çox sıxır. Psixoloq isə gələcəyin necə olacağına zəmanət vermir. Psixoloqlar real, rasional yanaşmalarla işləyir.
Falçılar, ekstrasenslər, cadugərlər isə insanın gələcəyindən “xəbər verir”. Deyirlər ki, ay insan, gələcəyin yaxşı olacaq, mənim nəzarətim altındadır.
Bunlar hamısı psixoloqun, müasir, rasional elm sahələrinin vəd verə bilmədiyi mövzulardır. Ancaq bu qruplar həmin vədləri verirlər. İnsan da seçim arasında qalanda, sıxıntılı halında daha çox vəd verənin yanına gedir.
– İnsanların kompleksə düşməyi də problemlər yaradır. Fərz edək ki, bir əsər yazmışam – uğurlu ya da uğursuz alına bilər. Amma kimsə qıraqdan tənqid edir, mən də kompleksə düşürəm. Kütlə isə bəzən çox amansız olur. Belə olan təqdirdə, çətin anlardan necə çıxmalıyıq?
– Tənqidlər həmişə olacaq. Bizim cəmiyyətdə özümüzə qarşı amansız tənqidlər olur. Bu da özünəinamsızlığın bir əlamətidir. Bizlər özümüzə qarşı daha amansızıq. Biganələrə, əcnəbilərə münasibətdə isə daha çox qucağımızı açırıq. Elə bilirik ki, uğur kənardan gələcək.
Kimsə xaricdən gəlib eyni fikri desə, o, alqışlanacaq. Mən bəzən öz fikirlərimi başqa, hansısa əcnəbiyə istinad etməklə deyirəm və fərqli münasibəti görürəm.
Bizim bir dostumuz var idi. Bir dəfə hansısa şəxsin adı çəkildi, dedilər ki, həmin şəxs məşhurdur. Dostumuz da dedi ki, onun fikirləri ilə tərbiyə olunsaydı, fərdi inkişafı başqa cür olardı.
Mən də bildirdim ki, eyni şeyləri biz də öz əsərlərimizdə yazırıq, təlimlərdə də deyirik. O isə söylədi ki, əcnəbi dahi alimdir. Mən isə onun fikirlərindən sitat gətirəcəyimi qeyd etdim. Misallar çəkdim, fikirlər səsləndirdim. Çox bəyəndi. Dedi ki, tükləri biz-biz oldu. Bildirdim ki, həmin fikirlər mənə məxsusdur, o alimin deyil. Görürsünüzmü, özümüzə qarşı inamsızlıq var.
Bizim cəmiyyətdə tənqidlər olacaq. Gərək ilk olaraq insan özü-özünü ruhlandırsın, özünə stimul versin. İnsana fərqli sözlər deyirlər, əsas odur ki, hamısına fikir vermə. İnsan ilk olaraq özünə inanmalıdır. İnsan potensialı olduğuna inansa, başqasının dediyi söz onda təsir qoymayacaq.
Fərz edək ki, siz dolmanı çox xoşlayırsınız və onu ləzzətlə yeyirsiniz. Kənardan 1000 nəfər desə ki, dolma yaxşı deyil, siz yenə onu yeyəcəksiniz. Çünki sizin ağız dadınız ondan ləzzət alır. Deməli, biz özlüyümüzdə sülhə gəlməliyik. Deməliyik ki, özünə inan.
Məni tənqid də edirlər, əsərlərimi təhlil də edirlər. Amma bir dəfə də “bu sahə mənlik deyil, daha yazmayım” deməmişəm. Çünki bu sahənin avtoritetindən belə tənqid eşidəndə, özümə inandığıma görə geri çəkilmirəm.
– Bəs necə etməliyik ki, bu özünəinam mənasız lovğalıq və təkəbbürə çevrilməsin?
– Bəli, bəzən özünəinam özündənrazılığa çevrilir. Təkəbbür artlq təhlükəlidir. Təkəbbürlü insan qüsurlarını görmür - səhv yolda olsa belə. Təkəbbürün olmaması üçün insan bir qapını həmişə tənqidlər üçün açıq qoymalıdır ki, oradan gələn sözlərə də qulaq assın. Təbii ki, qərəzli insanlar da var, onların üzünə tənqid qapısını bağlamaq lazımdır. Çünki sən bilirsən ki, əsəri oxumadan fikir deyir, onun sözünə nəyə qulaq asasan?!
İkinci bir məsələ dostların fikirlərini almaqdır. Məsələn, mən sizə əsərimi göndərirəm. Oxuyursunuz. Bilirəm ki, sizin fikirləriniz heç bir halda mənim pisliyimə yönəlməyib. Sizin fikrinizi artıq təhlil edirəm. Bu, artıq təkəbbür yaratmayacaq.
– Sosial şəbəkələr, telefonlar, kompüterlər gündəlik həyatımızda bizimlə “dostluq” edir. Amma asılılıq yaradan amillər də var. Təsəvvür edin, yatağa girəndə də əlimizdə telefon olur. Bu asılılıq yaradan vərdişlərdən qurtulmağın düsturu nədir?
– Yatmazdan qabaq smartfon telefonlara, kompüterlərə baxmaq məsləhət görülmür. Çünki insanın gözünün qişaları qıcıqlanır, bundan sonra sinirlər oyanır və yuxuya getmək prosesi çətinləşir. Biz yatarkən mədəmizi də boş saxlamalıyıq ki, rahat yuxu fazasına keçək.
Amma görün nə edirik. Yuxudan əvvəl də, sükan arxasında da telefonlara baxırıq.
Hər şey vərdiş əsasında qurulur. Bir işi mütəmadi olaraq bir neçə dəfə edəndən sonra o artıq vərdiş halına keçir. İnsan düşünmədən həmin işi icra etməyə başlayır. Bu yaxşı işə də, pis işə də vərdiş ola bilər. Vərdişləri qırmaq üçün onun mütəmadiliyini azaltmalıyıq. Misal üçün, sosial şəbəkələrə konkret vaxtlarda daxil ola bilərik. Qrafik qurmalıyıq. Neqativ vərdişlər əslində nizamsızlıqdan qaynaqlanır.
Nizam əsasında hərəkət edəndə mənfi vərdişlər ora sıza bilməz. Bir insan nə vaxt gəldi, harada gəldi telefonla oynayırsa, bu, onun nizamsız həyatından xəbər verir.
Valideynlər uşaqlara da telefonda oyun oynamaq üçün konkret vaxt qoymalıdır. Uşaq da biləcək ki, məsələn, bir saatdan artıq oynaya bilməz. Qrafik olanda uşaq telefonlardan nizamlı rəftar etməyi yollarını öyrənir. Yaşı 20-yə gəlib çatanda da nizamlı həyatı olacaq.
– Məktəblərdə rus bölməsinin olmasına qarşı çıxanlar var. Təbii ki, bunun tarixi, ideoloji səbəbləri var. Bəs o düz yanaşmadır ki, kimsə rus bölməsində oxuyursa, rus kimi düşünəcək, ruhu da, ruslarınki kimi olacaq?
– Dil mədəniyyət ötürücüsüdür. Rus dili slavyan xalqlarının bir-birilə ünsiyyət vasitəsindən başqa, həm də böyük rus mədəniyyətinin, ədəbiyyatının daşıyıcısıdır. Hansı ki, bu ədəbiyyatın üzərində ruslara xas düşüncə, mental dəyərlər qurulur.
Bu mədəniyyətin üzərində onların psixoloji faktorları, seçimləri, tarixi, milli kimliyi durur. Bu ədəbiyyatı və mədəniyyəti ötürən vasitə isə dildir. Bu, başqa dillərə də xasdır.
Ruslara qarşı psixoloji yanaşmalarımız da var, bu, siz dediyiniz tarixi səbəblərlə bağlıdır. Bunları kənara qoyuram.
Bir azərbaycanlı əgər öz ana dilinin əvəzinə rus dilini öyrənirsə, bu, artıq səhvdir. Biri var ki, kimsə ana dilini gözəl bilir, bununla paralel olaraq ikinci dil kimi rus və ya ingilis dilini də mükəmməl öyrənib. İlk dil olaraq isə rus və ya ingilis dilini seçmək yanlışdır. Həmin uşaq rus dilində öz ana dilindən yaxşı danışırsa, beynində rus dilində düşünürsə, onun bütün çevrəsi də rusdillilər olacaq.
O artıq nəyisə araşdırıb yazmaq istəsə, rus mənbələrinə müraciət edəcək. Çünki ana dilində olan ədəbiyyatları oxuya bilmir. Bu zaman rus mədəniyyətini, ədəbiyyatını, psixologiyasını mənimsəyəcək. Yəni, biz bu insanı itirdik. İlk dil kimi ingilis dilini də öyrənsə, eyni nəticə olacaq.
Bir milləti məhv etmək istəyirlərsə, birinci olaraq onun dilini aradan qaldırırlar. Dil aradan gedəndən sonra isə hər şey məhv olacaq.
Bizim ölkənin vətəndaşları ilk olaraq ana dilini bilməlidir. Bundan sonra ikinci dil kimi başqalarını da öyrənmək olar
Burada başqa bir məsələ də var – ikinci dil olaraq hansını seçək? Mənə görə, daha üstünü ingilis dilidir. İndiki dövrdə rus dilini istənilən bir şəxs bilsə, Avropanın istənilən ölkəsinə getsə, görəcək ki, həmin dil orada istifadəsizdir.
Dünyada pkartikliyinə görə ingilis dili üstündür. Ona görə də ikinci dil kimi rus dilini seçməyi məsləhət görməzdim.
Aqşin Kərimov
https://modern.az/az/news/201421
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23