Müsahibimiz bu gün Azərbaycanda psixoloji roman dedikdə ağıla gələn ilk yazıçılardan biridir. Nəşr olunan əsərlərini qısa müddətdə bestsellerə çevirən, öz oxucu kütləsinin sevimli yazarı Rövşən Abdullaoğlu.
– Rövşən bəy, sizcə günümüzdə psixoloji kitabların təsiri ilə həyatında dönüş nöqtəsi yaşamış oxucular nə qədərdir?
– Nəşriyyat evinə yüzlərlə belə mesajlar daxil olur. Oxucular kitabların həyatlarında nə kimi dəyişikliklər etdiyindən danışır. Bu məktublər ucqar kəndlərdən tutmuş, cəzaçəkmə müəssisələrindən, məktəblərdən, universitetlərdən, ölkə xaricindən olur. Dəfələrlə tədbirlərdə mənə yaxınlaşıb öz təşəkkürünü bildirən çoxlu sayda oxucular olur. Onlar bu kitablarla həyatlarında inkişaf əldə etdiklərindən, intihar düşüncəsindən çəkindiklərindən, uğur əldə etmələrindən, özünüdərkə səbəb olduğundan danışırlar. Bəziləri hətta ailədaxili problemlərin həllində bu kitabların faydalı olduğunu bildirirlər.
– Əsərlərinizin onlarda yaratdığı hisslərlə bağlı oxuculardan aldığınız ən maraqlı rəyi xatırlayırsınızmı?
– Ən maraqlı rəy yüzə yaxındır. Məsələn, tədbirlərin birində bir nəfər hamı gedəndən sonra yaxınlaşdı və kitabımın onun həyatını necə dəyişdiyindən danışdı. Səkkiz il həbs cəzası çəkdikdən sonra yenicə azadlığa çıxmış bir gənc idi. Əlbəyaxa döyüş növlərindən biri üzrə ölkə birincisi olub, sonradan dostlarının təsiri ilə mütəşəkkil cinayətə qoşulub və zindana düşüb. Sərbəstliyə, heç kəsdən söz götürməməyə öyrəşmiş bu güclü oğlan üçün zindan cəhənnəmdən seçilmirdi. Hələ səkkiz il bu girdabda necə yaşayacağı barədə düşünəndə zindanda yetərincə hörməti olan bir nəfər ona yaxınlaşıb bir kitab verərək deyir:˝Sən zindanda çox tab gətirməyəcəksən , bu kitabı oxu , həyatın dəyişəcək˝. Mütaliə ilə arası yaxşı olmamasına baxmayaraq bu gənc, o adamın sözündən çıxa bilmir. "Arxadakı körpüləri yandırın." Əvvəlcə kitabın adı onu cəlb edir, sonra da içindəki bir cümlə: ˝Elə bir qapı yoxdur ki, davamlı döyüldüyü halda açılmasın". ˝İnsan bilsə ki, yalnız bir yolu var və o da qarşısındakıdır, bu zaman həmin yolu getməyə mane olan bütün sədləri açacaq, müxtəlif planlar düşünəcək, əlindən gələni və gəlməyəni edəcək˝.
Qısa müddətdə kitabı bitirir. Ondan sonra güc əldə edir. Sonra ikinci dəfə o kitabı oxumağa başlayır və sonralar dəfələrlə oxuduğundan artıq kitabı əzbər öyrənmişdi. Söhbət əsnasında kitabdan gətirdiyi sitatlara əsasən buna əmin oldum. Həbsdən çıxana qədər davamlı mütaliə ilə məşğul olur, bir neçə dil öyrənir. Bir kitab insan həyatında çox böyük dəyişikliklər edir. O, mənə deyirdi ki, kitablarım olmasaydı, zindanda sağ qalmağı çətin olardı. Bəlkə də mümkünsüz. Belə hadisələr yazıçı üçün ən böyük mükafatdır.
– Kitablarınızın belə maraqla oxunmasındakı əsas faktor sizcə nədir?
– İlk kitabımı qələmə alanda qarşımda belə bir sual yarandı. Mən nədən yazım? Hansı mövzuda yazım? O dövrdə belə bir fikir var idi, insanlar daha çox fantastik janrda yazılmış kitablara meyillidirlər və psixoloji, həyatdan olan mövzular çox az oxunur. Ancaq mən düşündüm ki, insanları daha çox maraqlandıran özləri olmalıdır. Mənim problemlərim nədir? İnsanlığıma aid olan məsələlər nədir? Və mən cəmiyyətin bir nümayəndəsi olduğum üçün real cəmiyyətdə gedən, mənə və yaxınlarıma aid olan proseslər və onun mənə psixoloji təsirləri maraqlandırmalıdır. Bu düşüncə ilə əsərlərimi qələmə aldım. Düşünürəm ki, yazdığım əsərləri maraqlı edən əsas faktor insanların özlərindən səmimi formada yazmağım oldu. İnsanlar əsərlərimdə özlərini gördülər, orda ümid, inam tapa bildilər, enerji almaları mümkün oldu.
– Düzünü desəm, mənə sizi zamanında belə tanıtmışdılar: "Bu yazıçı, əsərini yaşayıb yaza bilmək üçün Afrikaya gedib."Heç bu cür deyimlə qarşılaşmısınızmı?
– Bəli. Bu səyahət oxucuların böyük marağına səbəb oldu. Hətta kiçik oxucuların belə. Onlar müxtəlif tədbirlərdə görüşəndə mənə Afrika haqqında çoxlu suallar verirlər. Oradakı tayfaların yaşayış tərzi, kaftarla insanın dostluğu barədə...Bəzən olur ki, valideynlər yaxınlaşır, deyirlər ki, uşaqlarımıza sizin Afrika, Antarktida səfərlərinizdən olan video və şəkilləri göstəririk... Afrika səfərinin məhsulu olaraq "Ləpirçi" romanını qələmə aldım. Baxmayaraq ki, bu kitab böyüklər üçün nəzərdə tutulmuşdu, balaca oxucularımız üçün "Ləpirçi"nin asanlaşdırılmış versiyasını çap etmək qərarına gəldim. Silsilə olması planlaşdırılan bu kitabın artıq 2 hissəsi balaca oxucularımızın ixtiyarına verilib.
– Afrikada olarkən yaşadığınız və unutmadığınız, təbəssüm doğuran anı bizimlə paylaşa bilərsinizmi?
– Mən Afrikada olanda belə bir qaydanı artıq qəbul etmişdim. Orada hansısa kənddə uşaqlara konfet paylamaq istəyirsənsə , bunu özün etməyəcəksən, konfetləri verirsən kəndin ağsaqqalına, o paylayır. Nəyə görə? Çünki bir neçə dəfə buna cəhd elədim, uşaqlar cumdu o konfetləri əlimdən götürməyə, məni yıxdılar hətta qolumu, əlimi cırmaq-cırmaq elədilər. O qədər acınacaqlı vəziyyətdə yaşayırlar ki, uşaqlar öz hisslərini cilovlaya bilmir. Növbəti dəfə Kilimancaroya getdik, oradan bizim təyyarə qalxmalı idi. Orada bir məntiqə var- Nqaramtoni, bizim bələdçi dedi ki, burada bir məktəb var, mənə çox maraqlı gəldi və getdim ora, içəridə bir yeniyetmə var idi. Dedilər ki, müəllimdir. Bu yeniyetmə buradakı uşaqlara, həm müəllimlik edir, həm də atalıq. Buradakı uşaqlara da konfet vermək qərarına gəldim. Beynimdə belə bir fikir var idi, bunlar da o biri kəndlərin uşaqları kimi üstümə cumacaqlar. Ancaq düşündüyüm kimi olmadı. Uşaqlar müəllimlərinin icazəsini gözlədilər. Müəllimləri icazə vermədən mənə yaxınlaşmadılar. Mən özüm onlara yaxınlaşdım, təəccüb etdim, uşaqlar hərəsi bir konfet götürdülər. Digər məntəqələrdə olduğu kimi, uşaqlar konfeti ovuclamırdılar, digərlərini də nəzərə alırdılar. İstəyirdilər ki, digər uşaqlara da çatsın. Bu nəyi göstərir? Bir yerdə ki təhsil var, kitab var, o yerdə mədəniyyət də olacaq, insaniyyət də.
– Qəhrəmanlarınızı yaradarkən canlandırmağa çalışdığınız real biriləri olurmu? Məsələn "Adriana" və "Əmin". Onlar tamamilə xəyali obrazlardır?
– Əsərlərimdə yaratdığım obrazlar təxəyyüldür, konkret insanlara yönəlməyib, ancaq real həyatda rastlaşdığım, yaşadığım və ya dostlarımın başına gələnlərdən, öz gördüklərimdən təsirlənərək yaratdığım obrazlardır. Hər kitabdan sonra dostlarım zəng edib deyirlər ki bu obraz 100% mənəm. Bəzən 5 nəfəri bir personajda cəmləyirəm. Ancaq oxuculardan mənə yaxınlaşıb ˝qələmə aldığınız bu personajın həyatı sanki mənim həyatımdır˝ deyənlər də çox olub. məsələn, "Relslər üzərinə uzanmış adam" kitabımı oxuyan oxuculardan bir neçəsi olub ki, ordakı qəhrəmanın psixoloji xəstəliyinin onlarda da olduğunu etiraf ediblər.
– Rövşən bəy, "Yaxşı yazıçının uğursuz əsəri olmamalıdır" fikri ilə razılaşırsınızmı?
– Ümumiyyətlə, uğur özü nisbi anlayışdır və baxır sən uğura hansı tərəfdən baxırsan. Ola bilsin ki, sən əsərin uğurlu olmasını onun çox satılmasında görürsən və ya hansısa mütəxəssis tənqidçilərin müsbət rəylərində görürsən,yaxud sən uğuru kitabın insanların qəlbinə yol tapmasında,həyatlarında faydalı olmasında, onlara təsir etməsində görürsən. Bu nöqteyi -nəzərdən bu sualın cavabı da fərqli olur. Əgər yazıçı yazdığı əsərə bütün gücünü qoyubsa, yazdığı əsər insanlara təsir edibsə, onlara faydalı olubsa, onların həyatında müsbət dönüş nöqtəsi yaradıbsa, bu əsər cəmiyyətin hansısa problemlərinin həllində uğurlu olubsa, dərin fəlsəfi mövzulara ehtiva edibsə, digər şərtlər olmasa belə bu əsəri uğurlu saymaq olar. Əksinə yazıçı öz yazdığı əsərdə bu hədəfə çata bilməyibsə, yaxud da bu hədəfi heç düşünməyibsə , onda o yazıçının əsərləri uğursuz əsərlərdir. Hətta əsər çoxlu satış etmiş olsa, dünyaca tanınsa belə, möhtəvasiz əsər, cəmiyyətə müsbət təsiri olmayan, insanları yaxşıya doğru dəyişməyən əsər uğursuz əsərdir.
– Sizcə günümüzün oxucuları əksər olaraq hansı janra yönəlir?
– Bayaq da qeyd etdim ki, əvvəllər insanlar daha çox fantastik janrda yazılmış kitablara meyilli idilər. Artıq o dövr dəyişib. Cəmiyyət onun ruhuna, onun qəlbinə, onun hisslərinə toxunan kitabları, həyatlarında yaranan problemlərin həllinə kömək edən, şəxsi inkişafı üçün faydalı olan kitabları oxuyurlar. Bizim xalq düzgün yazılmış kitablara dəyər verir. Bunun kitab sərgilərində, imza günlərində dəfələrlə şahidi olmuşam.
– Ümumiyyətlə 10 il sonra kitab oxumağa davam edənlərin sayında artım olacağını düşünürsünüzmü?
– Mən 2010-cu ildən ədəbiyyat sahəsindəyəm və illərdir ki, kitabla əlaqəli tədbirlərdə, imza mərasimlərində, kitab festivallarında, sərgilərdə aktiv şəkildə iştirak edirəm. Oxucularla universitetlərdə, orta məktəblərdə müxtəlif formalarda görüşürəm. Oxucuların sayı həm kəmiyyət, həm keyfiyyət nöqteyi -nəzərdən get-gedə artmaqdadır. Əminəm ki ,10 il sonra ölkəmizdə oxucu sayı daha da artacaq. Cəmiyyət artıq kitabın, elmin və mütaliənin faydalarını anlayır, mədəni insanın həyatının ayrılmaz bir hissəsi kimi qəbul edir. Kitaba böyük bir dəyər formalaşıb. Bu da oxucu sayının artmasına təsir edir.
– Rövşən bəy, hansı hadisə sizi psixoloji roman yazmaq qərarına gətirdi?
– Əslində bir deyil, kompleks hadisələr olub. Uşaqlıqdan həyat, insanın həyatda rolu, vəzifəsi və bu kimi mövzularda düşünməyi sevirdim. Nəticədə güclü müşahidəçi oldum. Ətrafdakı insanların həyatında baş verən hadisələri izləyirdim. Bir dəfə ibtidai sinifdə oxuyanda avtomobil qəzası keçirdim və ölümün bir addımlığından döndüm. O hadisə mənə həddindən artıq təsir edən səbəblərdən oldu. Öz həyatım barədə, həyatın mənası haqda düşünməyə vadar etdi. Bəzən gecələr belə yuxusuz qalar, bu mövzuları götür-qoy edərdim. Uşaqlıqda özümdə gedən psixoloji proseslərə diqqət edirdim, mühitin mənə necə təsir etdiyini izləyirdim. Hərdən düşünürəm ki, necə olub, o yaşda bu cür dərin fəlsəfi mövzularda düşünürdüm. Həmçinin ətrafdakı yeniyetmələri görürdüm, pis yollara düşənlər, kriminal dəstələrə qoşulanlar, həbsə düşənlər və.s. Necə olurdu ki, eyni mühit bəzilərinə mənfi, digərlərinə müsbət təsir edir? İnsan bilə-bilə özünü məhvə necə aparır? Birinin pis dediyinə, digəri necə yaxşı deyə bilir? Bu cür hadisələr məndə ilkin psixoloji, fəlsəfi fikirlər formalaşdırırdı. Yavaş-yavaş anlayırdım ki, psixologiya daha dərin elmdir. Psixologiyanın əli çox uzundur. İnsan əgər özünü, başqa insanları anlamaq, kimlərəsə təsir edib, müsbətə və ya mənfiyə tərəf dəyişmək istəyirsə, gərək psixologiyanı bilsin. Ona görə erkən yaşlarımdan psixoloji, fəlsəfi kitabları mütaliə etməyi sevdim. Emil Durkheimin "İntihar" əsəri var idi, bunu universitetin ilk ilində, ya da 11-ci sinifdə oxuyurdum. Valideynlərim görəndə ki, bu yaşda belə əsərlər oxuyuram təəccüblənirdilər. Sonra orta məktəbdə Deyl Karneginin, Filip Raysın əsərlərini mütaliə edirdim. Bu cür kitablar dünyagörüşümü formalaşdırırdı. Tədricən psixoloji əsərlər qələmə almağa qərara gəldim. Düşündüm ki, psixoloji kitablarla mən həm özümü düzgün ifadə edə bilərəm, həm də insanlara faydalı olaram. Həyat təcrübəmi onlarla ən gözəl şəkildə bölüşə bilərəm.
– Hazırda üzərində çalışdığınız proyekt varmı?
– Hazırda " Bu şəhərdə kimsə yoxdur" kitabı əsasında bir serial çəkilməsini planlaşdırırıq. Xəzər televiziyası ilə artıq anlaşmışıq. Hal-hazırda bu serialın ssenarisi üzərində işləyirəm.
– Əgər həyata yenidən gəlsəydiniz, yenə yazarlıq sənətini seçərdinizmi?
– Bəli. Yenə də yazıçı olmağı seçərdim. Çünki bu sənəti mən şüurlu şəkildə seçmişəm. Bu yola təsadüfi gəlməmişəm. Fərqli sahələrə getmək imkanım olduğu halda, o imkanlardan üz çevirib məhz yazıçı olmaq istəmişəm. Peşmançılıq hissi adətən nə zaman baş verir? O zaman ki, insan düşünmədən hansısa addımı atır, təsadüfən qərar verir və ya kimlərinsə təkidi ilə hansısa peşəni seçir, yaxud da atdığı addımın sonradan mənfi təsirlərini görür. Məndə bu halların heç biri olmadığına görə peşmançılıq hissi də yoxdur.
– Düşünün ki, sizə doğulmadan öncə bu dünyaya gəlib, gəlmək istəmədiyiniz haqqında sual verilir. Lakin dünyanın indiki vəziyyətindən xəbərdarsınız. Yenə də gəlmək istəyərdiniz ya yox?
– Hər bir insanın zaman, məkan şərtlərini nəzərə alsaq, dünyaya gəlməsi üçün milyardlarla ehtimallar var. Həyat bu milyardlarla ehtimallar arasında bu insanı ən uyğun, ən mükəmməl, inkişafı üçün ən ideal zaman və məkanı seçir. Bu nöqteyi -nəzərdən özümüz üçün daha yaxşı bir variantı təsəvvür etməyimizin bir mənası yoxdur. Ona görə yenə də bu ölkədə, bu zamanda, bu şəraitdə dünyaya gəlmək istəyərdim. Çünki, bilirəm ki, başqa variantlar ilk baxışda daha ideal görünsə də, ancaq ən ideal variant dünyaya gəldiyimiz variantdır. Yaradılışın gözəllikdən ibarət olduğuna inanıram və əminəm ki, pisliklər, şərlər insanın həyata baxışı, yanlış addımı nəticəsində formalaşır.
Kimlər dünyaya gəlmək istəməz? O kəslər ki, yaşayışını bir məşəqqət bilir, həyatı bir yük kimi görür, həyatın əsil hədəfini, öz yaradılış hədəfinin nə olduğunu anlamır. Həyatda öz missiyasını bilmir. Məsuliyyəti üzərinə götürmək istəmir, pessimist həyat fəlsəfəsinə malikdir. Əgər belə olmasa, onda hər bir insan öz həyatından məmnun olar, həyatını daha da gözəlləşdirməyə çalışar. Dünyamız ən gözəl dünyadır. Həyatı yaşamağa dəyər. Hər hansısa bir çətinliklər, problemlər insanın yaşamaq əzmini, həvəsini onun əlindən almamalıdır.
Zeynəb Rzayeva
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23