Omo çayı vadisində məskunlaşmış hamar tayfası ilə tanış olmaq üçün ilk öncə Turmi məntəqəsinə gəldik. Hamarların kəndi buraya çox yaxındır. Ümumiyyətlə, Omo vadisinə iki məntəqədən gəlirlər. Ya Arba Minçdən – bura paytaxtdan 500 km cənubda yerləşir, ya da Cinkadan. İkinci yol daha uzundur. Biz ikincini seçdik və Əddis Əbəbədən təyyarə ilə Cinkaya, oradan da maşınla Turmiyə gəldik.
Bura Turmi şəhərciyində bizim qaldığımız locdur. Bu ətrafda gecələmək üçün tapa bildiyimiz yeganə abırlı yer bura idi. Elektrik enerjisi olmadığından generatordan istifadə edirlər. Onu da gecə düşən kimi dayandırırlar, bütün işıqlar sönür. Bu locda, demək olar ki, yalnız əcnəbilər qalırdı. Müxtəlif ölkələrdən gəlmiş bloqerlər, səyyahlar, televiziya kanallarının, ya da Afrikada hansısa təşkilatın nümayəndələri...
Bura locun yeganə restoranıdır. Restoranda özümüzlə gətirdiyimiz konservlərdən yedik. Əksər ictimai yerlərdə olduğu kimi, restoranın həyətində də siqaret çəkmək qadağandır.
Qaldığımız otaq. Çıxanda otağın qapısını bizdə dama vurulan kiçik qıfılla bağlayıb gedirdik. İtən əşyalara da heç kəs cavabdeh deyil. Maskitlərdən qorunmaq üçün yataqların miçətkəni də var. Miçətkənsiz burada gecələmək təhlükəlidir. Müxtəlif həşərat və cücülərin dişləməsi bəzən ölümcül xəstəliklərə yol açır.
Arxamızdakılar da Gino və Babidir. Gino – Elvinin arxasındakı gənc hamar tayfasındandır. Uzun müddətdir ki, şəhərə köçüb, kənddən uzaqlaşıb. Müəyyən qədər ingilis dilini bilir. Hamar tayfasının içinə onun bələdçiliyi ilə daxil olduq. Mənim arxamdakı isə Babidir. Babi bütün cənubi Efiopiya, Omo vadisi ərazisində bizim ümumi bələdçimiz idi. Ancaq Babinin yanımızda olması tayfaların yaşadığı kəndlərə girmək üçün kifayət deyildi. Hər kəndə girəndə Babi oradan tanıdığı yerli bələdçini dəvət edirdi.
Hamar tayfası Omo vadisinin cənub sahillərində yaşayır. Yaşadıqları ərazilər çox genişdir, seyrək kollar və cılız ağaclarla örtülüdür. Torpaqlar kiməsə deyil, bütün qəbiləyə məxsus olduğundan rahat şəkildə heyvanlarını otara bilirlər. Hamarlar əvvəllər çöl donuzu və antilop ovu edərək dolanardılar, indi heyvanların azalması ilə ovçuluqdan heyvandarlığa keçməli olublar. Mən bu bölgədə, bir dənə də olsun, çöl donuzu və antilop görmədim. Çobanlar əli silahlı olur. Bu, digər tayfaların hücumlarına, çapqınlara və vəhşi heyvanlara qarşı ehtiyat tədbiridir.
Hamarlar daha münbit torpaqlar üçün yerlərini dəyişə bilirlər. Böyük mülkə sahib olmadıqlarından köçüb başqa yerdə məskunlaşmaq elə də çətin deyil. Hamarların evləri. İşləri maldarlıq olduğundan heyvan dərisi ilə doludur. Bəzən heyvanı da evin içinə salırlar. Burada həm yeyir, həm də yatıb dincəlirlər. Evdə artıq heç nə yoxdur, ancaq ən zəruri əşyalar.
Dəri aşılayan xanımlar
Qida rasionlarının rəngarəng olduğunu demək olmaz. Bal, yağ, pendir, süd məhsulları çox istifadə olunur. Ət yeməkləri az bişirirlər, çünki heyvanlar daha çox südünə görə saxlanılır. Xörəkləri daha çox sıyıq şəklindədir. Bütün kənd gecələr bir yerə yığılıb özləri düzəltdikləri içkidən içir, ortaya düşüb oynayırlar. Bu cür dünyadan bixəbər, qayğısız ömür sürürlər.
Biz kəndə gələndə orada yas idi, kişilər yas mərasiminə getmişdi, kənddə qocalar, çox az sayda qadın və balaca uşaqlar qalmışdı. Bir nəfər də əli avtomatlı gənc kəndin girişində mühafizəçi kimi dayanmışdı. Yas yerinə getməyə icazə vermədilər. Yad insanların ora getməsi qadağandır. Sadəcə atəş səslərini eşitdik. Ölülərini atəş səsləri ilə son mənzilə uğurlayırlar. Gəlişimizə sevinən uşaqlara konfet paylayıram.
Bu üç qardaş çox şirin idilər, bəzək-düzəkləri də çox yaraşırdı. Axır ki, güldürə bildim.
Poliginiya hamar tayfasına da yad deyil. Hamar kişisi bir neçə xanımla evlənə bilər, xanım isə yalnız bir kişi ilə. Kişi xanımın ailəsinə başlıq pulu verməlidir. Bu məbləğ bəzən o qədər çox olur ki, bir ömür ödəməli olurlar. İyirmi iribuynuzlu heyvan artıq çox yüksək başlıq pulu sayılır. Böyük iddia ibtidai şəraitdə yaşamağına baxmır. İnsanın hərisliyi sərhəd tanımır. Kişi evləndiyi qadının boynuna xüsusi gümüşü rəngdə dəmir halqa taxır, bizim nişan üzüyü kimi bir şey. Sonra da bu halqadan tutub xanımı öz evinə aparır. Qadın bu halqanı ömrünün sonuna kimi taxmalıdır. Kişinin evləndiyi ilk qadının nüfuzu sonrakı xanımlardan daha üstün olur. Onlara əmr edə bilər. Onun boğazında qabarıq düyünü olan bir dəmir halqa olur. İkinci xanımda iki, üçüncü də üç halqa olur. Bu, birinci xanımdır.
Hamar ailəsində böyüklərin nüfuzu var. Qızın, hətta oğlanın evliliyi ailə başçılarından asılıdır. Ailə bağları bu tayfada güclüdür, yardımlaşma da çoxdur. Qadınlar kənddə odun tədarük edir, su daşıyırlar. Kişilər isə çöl işlərini görür, heyvanları otarırlar. Bir kişinin bir neçə xanımı olanda ağır ev işlərini öz aralarında bölüşdürürlər. Ona görə də kişilər bir neçə xanımla ailə qurmağa çalışırlar. Kişilər xanımlarına qarşı elə də diqqətcil deyillər. Ailədaxili rabitə daha çox kişinin xanımlarını qoruması və ailənin rifahı üçün çalışması şəklində təzahür edir .
Hamar tayfası öz qeyri adi ritualları ilə fərqlənir. Oğlanların böyüdüklərini sübut edərək kişilik statusu qazandıqları “öküz üzərindən tullanma” ritualı çox məşhurdur. Ancaq bu sınaqdan uğurla keçəndən sonra yeniyetmə evlənmək həvəsinə düşə bilər. Qadınlar da ritualsız deyillər. Onlar öz sevgilərini sabit etmək üçün xüsusi döyülmə ritualı keçirlər. Bu iki ritual barədə geniş bir fotoməqalə hazırlamışam. Öküz üzərindən tullanma mərasimindən gələn hamar qadın. Kürəyi ona vurulmuş zərbələrdən paralanıb . Bu çapıqları gələcək həyatında qürurla daşıyacaq
Öküz üstündən tullanma mərasiminə gəlmiş əli silahlı hamar gəncləri. Yanımdakının çox ciddi siması var. Nə qədər zarafat etdim, telefonda şəkil göstərdim, xeyri olmadı, gülmədi ki, gülmədi. Hətta heç bir kəsi biganə qoymayan kamerada özünü gördükdə belə reaksiyası sıfır oldu. Yanındakı güldü, bu gülmədi.
Burda artıq silahını əlindən almışam. Könülsüz halda silahı mənə verdi. Eynəkləri də xüsusi diqqət çəkir, bəzəkli, allı güllü eynəklər. Qadınlar kimi qısa ətək geyinirlər. Rəngbərəng sırğalar, boyunbağılar taxırlar. Hamarlar öz həyat tərzlərini və adət-ənənələrini çox yüksək tuturlar. Onlara ibtidai varlıqlar kimi baxdıqda, mədəniyyətlərinə, rituallarına istehza ilə yanaşdıqda qəzəblərinə tuş gəlməyiniz mütləqdir.
Hamarlar zahirdən mursi, surma, konso tayfalarından dərhal seçilirlər. Həm geyimləri, həm saç düzümləri, həm də dərilərinin rəngi fərqlidir, daha açıqdır. Hamar qadınları Afrika tayfaları arasında ən gözəli hesab edilirlər. Vaxtlarının çox hissəsini də bəzənməyə sərf edirlər. Müasir kosmetika sənayesindən hamarlıların xəbəri yoxdur. Ona görə də saç düzümlərində gildən, baldan və yumurtadan istifadə edirlər. Saçlarına gil çəkib hörürlər, bəzən isə bütünlüklə başlarına sürtdükləri gil quruyub papaq forması alır. Qollarına vurduqları müxtəlif çapıqlar da bəzək məqsədi daşıyır.
Bədənlərinə tünd qəhvəyi, qırmızı rəngli məhlul sürtürlər. Gün ərzində düzəltdikləri müxtəlif məcunlarla dərilərini masaj etməyə çox vaxt ayırırlar. Qadınlar məcunla bir-birilərini masaj edirlər. Baldan da bu zaman istifadə edirlər. Bədənlərinə sürtdükləri məcundan xüsusi qəribə qoxu gəlirdi. Qollarına, boyunlarına, ayaqlarına müxtəlif bəzək əşyaları taxırlar. Əllərinə keçən hər bir şey bəzək əşyası funksiyasında çıxış edə bilər. Bu, bir banka qapağı, boş giliz, lələk, keçi dərisi və s. ola bilər.
Aid olduğu xalqın bütün qəribə adətlərinin, mühitin, coğrafiyanın, fərqli insan psixologiyasının izləri bu hamar xanımının şəklində təzahür edib. Kədər isə bütün gözlərin dilində eynidir. Mükafata layiq bir şəkildir, məncə. Əlindəki sümükdən düzəldilmiş şeypurdur. Bu cür şeypurla müxtəlif siqnallar verir, bununla müəyyən informasiya ötürürlər.
Bu uşaqlar deyirdilər ki, bizi də özünüzlə aparın.
Məsum uşaqlar Afrikada ən yaddaqalan xatirəmiz oldular.
Kəndi tərk edəndə kənd camaatı bizi ötürməyə çıxdı. Maşınımızı kəndin kənarında saxlamışdıq. Bizi maşına qədər yola saldılar.