Afrikaya səfər etmək üçün müxtəlif profilaktik tədbirlər görmək lazımdır. Onlardan birincisi və ən önəmlisi vəsiyyətini etmək, borcları ödəmək kimi ehtiyat işləridir. Ondan sonra isə bəzi peyvəndləri vurdurmaq lazımdır. Sarı qızdırma əleyhinə peyvənd isə vacibdir. Ölkəmizdə vurulmadığına görə, mən bu peyvənd üçün Sankt-Peterburqa getməli oldum. Mənə demişdilər ki, bu peyvəndin vurulduğunu təsdiqləyən sənəd olmasa, ölkəyə buraxılmırsan. Düzdür, biz aeroporta enəndə heç bir peyvənd kağızı tələb etmədilər. Sonra öyrəndik ki, bu kağızı daha çox xəstəliyin geniş yayıldığı yağışlı mövsümlərdə tələb edirlər.
Bu çətin və macəralarla dolu səfərdə həmsəfərim dostum Elvindir.
Efiopiyanın paytaxtı Əddis-Əbəbə. Gecə saatlarında Əddis-Əbəbənin Bole beynəlxalq aeroportunda yerə endik. İlk təəssüratım – böyük sevinc. Çünki inanmırdım ki, bu ölkəyə ayağımı basa biləcəyəm. Bura gələnə kimi o qədər maneələrlə qarşılaşmışdım ki, aylarla sürən viza sıxıntısından başlamış, emiqrasiya polisi tərəfindən saxlanılmaqdan tutmuş, daxili iğtişaşlara görə ölkəyə buraxılmamaq əndişəsinə qədər. Azərbaycanın Efiopiyada səfirliyi var. Biz müraciət edəndə səfirlik Efiopiyada mövcud gərgin ictimai-siyasi vəziyyətə görə gəlməməyimizi tövsiyə etdi. Hər şeyə rəğmən, budur, buradayıq.
Aeroportda hər bir şərait yaradılıb, istəsən otur, istəsən də uzan yat.
Çoxları belə də edirlər.
Təyyarədə yanımda bir türk vətəndaşı oturmuşdu. Əddis-Əbəbədə işləyirdi. Ondan şəhər haqqında təəssüratlarını soruşdum, dedi ki, siz ağ adamsınız, ağlar isə Afrikada ehtiyatlı olmalıdır. Bir də məsləhət gördü ki, ciblərimizdən ehtiyatlı olaq. Ona görə də pul və sənədləri kiçik bel çantasında daşıyırdım. Təyyarədən düşəndən sonra pasport nəzarəti bölməsinə yaxınlaşırsan.
Bura ilə bağlı mənim çox acı xatirələrim var. Pasport yoxlanışına çatmamış sol tərəfdə miqrasiya şöbəsi yerləşir. Bizi burada saatlarla saxlayacaqlar, sonra da ölkədən deport etmək istəyəcəklər. Bunun üçün gərək ayrıca bir yazı hazırlayım. Efiopiya aeroportunda turistləri ilk qarşılayan yerli sakinlər arasında o yan-bu yana qaçan iri siçovulları da qeyd etməliyəm. Əsl ev sahibi kimi davranırdılar.
Bole aeroportunda Dyuti Fri
Xristian ölkəsi olan Efiopiyada marağıma səbəb olan məqamlardan biri, aeroportda müsəlmanların ibadəti üçün hər bir şəraitin yaradılmasıdır. Bura dəstəmaz almaq üçün yerdir.
Bura isə namaz otağıdır.
İstirahət otağı kimi də qəbul edənlər var.
Bu, bizi hotelimizə aparacaq sürücüdür. Hoteldən göndəriblər.
Hotelimiz.
Hoteldə yerləşəndə artıq gecədən xeyli keçmişdi. Buralarda yemək problemi yaşaya biləcəyimizi təxmin edib azuqəmizi özümüzlə gətirmişdik. Bərk acmışdıq. Şəkildən hiss olunurmu, bilmirəm.
Eyvandan baxanda şəhər belə görünür.
Bir pəncərəmiz kilsəyə baxır.
Gecələr kilsənin işıqları ətrafı aydınlığa qərq edir.
Səhər tezdən qalxdıq. Bu gün görəcəyimiz işlər çox idi. İlk işimiz yubanmadan səhər yeməyi üçün yeməkxanaya düşmək oldu.
Mərtəbələrdən dəhşətli qoxu gəlirdi, belə bir qoxunu, bəlkə də, ömrümdə ilk dəfə hiss edirdim. Özümüzü güclə yeməkxanaya çatdırdıq. Burada, yemək adına, demək olar ki, heç nə yoxdur.
Kofenin məskəni və ilk vətəninə gələsən, birdəfəlik kofe paketinin ümidinə qalasan.
Şir Efiopiyada hakimiyyəti bildirən müqəddəs simvol sayılır.
Onların bayraqlarında və bir çox küçə və meydanlarında, hotellərdə rast gələ biləcəyiniz bu şir simvolunun əslində dini kökü var. Yəhudanın şiri Əhdi-ətiqdə keçir.
Əvvəllər Efiopiyanın bayrağında əlində xaç aparan taclı şirə rast gəlmək olardı. Bu, ölkənin xristian kilsəsinə olan bağlılığını göstərirdi. Günümüzdə isə bayrağın üzərindən şir götürülüb.
Əddis-Əbəbə Afrikanın ən böyük şəhərlərindəndir, həmçinin işgüzar və diplomatik mərkəzdir. Bu cəhətdən ona “Afrikanın Brüsseli” də demək olar. Kontinent üçün kəsb etdiyi əhəmiyyətinə görə ona bəzən ˝Afrikanın paytaxtı˝ da deyirlər.
Şəhərin mərkəzi belə insana dağınıq ucqar yerləri xatırladır.
Efiopiyalılar planetin ən qədim xalqlarından hesab olunurlar.
“Əddis-əbəbə” amhar dilindən tərcümədə “yeni gül” deməkdir. Ancaq şəhəri görəndən sonra tərcümənin düzgünlüyünə şəkk edirsən. Çinlilər şəhərdə iri miqyaslı tikintilərə başlayıblar; deyirlər, burada böyük nüfuza malikdirlər. Bəlkə, onlar nəsə bir şey edələr. Ümumiyyətlə, xarici səfərlərim zamanı belə qənaətə gəldim ki, çinlilərə öz ölkələri dar gəldiyindən dünyanın bütün ölkələrinə səpələniblər. Getdiyim elə Avropa və ya Afrika şəhəri yox idi ki, orada çoxlu sayda çinli görməyim. Özü də, adətən, hər yerə toplu şəkildə gedirlər.
Əddis-Əbəbənin küçələri
Sürücü və bələdçilər bizə dönə-dönə tapşırırdılar ki, maşının pəncərəsini açanda çox diqqətli olaq, oğrular maşından əşyalarınızı götürüb qaça bilərlər. Təsəvvür edirsiniz, günün günorta çağı. Ancaq onu da deyim ki, Avropa da artıq bu cəhətdən Afrikaya çatır. Dublinin mərkəzində bir gündə düz iki dəfə gözümün qabağında çantanı insanın qolundan qapıb qaçdılar.
Şəhərdə avtobus dayanacağı. Bürküdə uzun müddət nəqliyyat gözləmək adi haldır.
Ticarət mərkəzi
Fəqirlik Afrikanın, demək olar ki, əksər şəhərlərinin vizit kartıdır. Küçələrdə addımbaşı pis qoxuyan, çirkli, nimdaş paltarlı yuvasız insanlara rast gəlirsən. Çox acınacaqlı haldadırlar. Hələ bura paytaxtdır, ölkənin döyünən ürəyi.
Əddis-Əbəbədə elm həvəskarlarının gedəcəyi ilk mühüm yer Efiopiya Milli muzeyidir. Burada məşhur Lüsi xanımın qalıqları saxlanılır. Lüsi 3.2 milyon il əvvəl yaşamış insanabənzər canlı növünün nümayəndəsi olub. Təxminlərə görə, hündürlükdən yıxılma nəticəsində ölüb. Bu muzeydə Efiopiya incəsənətinə, tarixinə, mədəniyyətinə aid müxtəlif eksponatlar da var.
Bura isə müzeyin həyətidir. Aleksandr Puşkinin də bir tərəfdən kökləri Efiopiyaya gəlib çıxır. Onun Əddis-Əbəbədə bürüncdən heykəli də ucaldılıb. Çatdırıb şəklini çəkə bilmədim.
Efiopiyanın Menqistu Haile Mariam adlı prezidenti olub. Onun vətəndaş müharibəsi zamanı törətdiyi qırğınları əks etdirən ˝Red terror˝ adlı muzey də burada yerləşir. Muzeydə qətlə yetirilmiş insanların sümükləri, geyimləri, qurbanların, onlara verilən işgəncələrin şəkilləri, tarixi sənədlər diqqət çəkir. Bir otaq yalnız repressiya qurbanlarının kəllə sümükləri, skeletləri ilə doludur.
Bura paytaxtın ən böyük universitetidir.
Onun nəzdində gözəl park da var.
Bu parkın içində etnoqrafiya muzeyi yerləşir.
Efiopiya xalqlarının adət-ənənələrini öyrənmək üçün çox faydalıdır. Ancaq tarix və mədəniyyətlə maraqlanmayan insanlar üçün darıxdırıcı gələ bilər. Şəxsən mənə, etnoqrafiya ilə maraqlanan bir insan kimi, maraqlı gəldi.
Elvin də darıxana bənzəmir.
Supermarketləri bizim kənd dükanlarına oxşayır.
PİVƏ Müqəddəs Georqun pivəsi. Dini mətnlərə görə, bu müqəddəs şəxs İblisi öldürməsi ilə məşhurdur. İndi isə adından pivə istehsalında reklam atributu kimi istifadə olunur.
Arxadakı yük maşını da Müqəddəs Georqun pivəsini reklam edir.
Paytaxt kafelərindən birindəyik.
Bu, bizim sürücüdür. Bizi gözləyənə qədər boş vaxtını dəyərləndirməyi bacarır.
Paytaxt həqiqətən şəhərdən çox kəndi xatırladır.
Əksər yollar bərbad gündədir.
Səkilər boyunca xırdavat dükanları çoxdur.
Uşağı belinə bağlayıb daşıyan analara çox rast gəlmək olur. Unutmuş olduğumuz mənzərə.
Şəhərdə kilsələrə çox rast gəlirdik.
MAŞINLAR Sovet maşınlarını paytaxtın simvollarından saymaq olar. Hər bir ölkənin özünəxas taksi modeli var, buradakılar isə heç birinə bənzəmir. Dünyanın yeganə ölkəsidir ki, keçmiş Sovet İttifaqının köhnə maşınlarını, ən çox da VAZ 2101-in ən köhnə buraxılışını taksi kimi istifadə edir. Bu maşınlar SSRİ-nin Efiopiya ilə keçmiş dostluğundan baqi qalan yeganə atributdur. Səksəninci illərdə Sovetlər Birliyi eksporta çıxarda bilmədikləri maşınlarını dostluq jesti adı ilə efiopiyalılara satmışdılar.
Artıq Əddis-Əbəbə ilə vidalaşmaq vaxtıdır. Növbəti dayanacaq Dire Daua şəhəri. Bu şəhər Əddis-Əbəbədən 500 km şimalda yerləşir. Şəhərin aeroportunda düşüb dünyanın ən qədim qala şəhərlərindən və Efiopiyada yeganə müsəlman şəhəri olan Harara getməyi düşünürük. Ancaq biz Dire Daua şəhərinin tiqray tayfasına mənsub üsyançılar tərəfindən mühasirəyə alındığından hələ xəbərsizik. Bunu aeroporta düşdükdən sonra biləcəyik. Dire Daua səyahəti barədə buradan izləyin.